Eşitmə azlığının səbəbləri.

Aşağıda göstərilən faktorlar sizin eşitmənizə təsir edə bilər:

  • uzun müddət yüksək səs-küydə olmaq;
  • irsiyyət;
  • ototoksik dərmanların qəbulu;
  • travma;
  • qulaq tıxacı;
  • yaşlanma.

  • Ətraf küylə əlaqədar yaranan eşitmə azlığı.
  • Ətraf küyün şiddəti 85dB-dən çox olduqda eşitmə orqanının zədələnməsi başlayır. Əgər siz konsertdə oldunuzsa və ya kifayət qədər yüksək səslə pleyer dinləyirsinizsə, yəqin ki, bundan sonra eşitmənizin bir müddət zəiflədiyini hiss etmisiniz. Bu ona görə baş verir ki, Korti orqanının tüklü hüceyrələri müvəqqəti zədələnmiş olurlar. Bir müddət keçdikdən sonra sakitlik olduqda onların funksiyaları bərpa olunur. Buna müvəqqəti eşitmə həddi dəyişikliyi deyilir.

Əgər vaxtaşırı uzunmüddətli küydə olsanız tüklü hüceyrələrin regenerasiya (özünübərpa) qabiliyyəti tədricən azaldıqca  sıfıra enər. Buna daimi eşitmə həddi dəyişikliyi deyilir.

Konsertdə və ya qulaqlıq istifadə edərək çox yüksək səslə musiqiyə qulaq asmaq təhlükəlidir, bəzi hallarda səs şiddəti 110-130dB-ə qədər ola bilər.

Iş şəraiti səs-küylü olan adamlar hər gün təhlükə ilə qarşılaşırlar və küyün neqativ təsirini azaltmaq üçün xüsusi qoruyucu tıxaclardan və ya qulaqlıqlardan istifadə etməlidirlər.

Daimi küyün təsirinin digər əlaməti xarici səs mənbəyinin olmadığı halda bir və ya hər iki qulaqda küyün yaranmasıdır. Bu cür küyə tinnitus deyilir. Buna həmçinin “cingilti” də deyilir, müxtəlif tezlik və şiddətdə ola bilir.

Siz nə edə bilərsiniz?
Ətraf küyün neqativ təsirindən qorunmağın yeganə yolu - müdafiədir. Küydən qorunmaq üçün müxtəlif formada standart tıxaclardan tutmuş, xüsusi filtrlə individual düzəldilmiş qulaq tıxacları mövcuddur.

Eşitmə azlığının dərəcəsi
Eşitmə azlığı müxtəlif səviyyədə ola bilir və dərəcə ilə ölçülür. Xəfif, orta, ağır və çox ağır olmaqla eşitmə azlığının dörd dərəcəsi var.